Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində nöqsanlar aşkarlanıb.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

Həmçinin toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə “kənd çolpası” görünüşü verildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib. Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Teqlər: