Almaniyanın bu şəhərindən quş ətinin ölkəmizə gətirilməsinə məhdudiyyət qoyulub

Xəbər - Samir Əli – AzerTimes:

Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu səbəbdən həmin şəhərdən ölkəmizə quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzerTimes-ə bildirilib ki, Agentlik tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Bremen şəhərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.


Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Teqlər: