Alman və Azərbaycan şirkətləri bərpa olunan enerji sektoru və ağıllı kəndlər üzrə əməkdaşlığı müzakirə edib (FOTO)

08-10 sentyabr 2021-ci il tarixlərində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Renewables Academy (RENAC) ilə birgə əməkdaşlıq edərək, Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual nümayəndə heyəti səfərini həyata keçirib.

Üç günlük təşkil olunan proqramın ilk iki günü ərzində, 22 azərbaycan şirkəti və 15 alman şirkəti iki ölkənin müxtəlif qurumları ilə bir araya gələrək, iştirak edən nümayəndələrə bərpa olunan enerji mənbələri vasitəsilə enerji təchizatı sahəsində Almaniyanın həll yanaşmaları haqqında hərtərəfli məlumat verib. Bu virtual missiya Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyinin dəstəklədiyi Alman Enerji Həlləri Təşəbbüsü (German Energy Solutions Initiative) layihəsi çərçivəsində həyata keçirilir.

08 sentyabr 2021-ci il tarixində ilkin virtual tədbir həyata keçirilib. AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann açılış nitqindən sonra, yüksək ixtisaslaşmış mütəxəssislər iştirakçılara enerji bazarının hazırkı tendensiyaları, əsas bazar oyunçuları və ən son texnologiyaları haqqında praktiki məlumatlar verib. Əsas müzakirə mövzuları Almaniyanın enerji keçidindən öyrənilmiş təcrübələr, eləcə də Azərbaycanın qarşısında duran çətinlik və imkanlar oldu. Alman şirkətləri ağıllı kəndlərin ən yaxşı nümunələrini də nümayiş etdirərək öz enerjisi ilə özünü təmin edə bilən Feldheim kəndini misal gətirib.
09 sentyabr 2021-ci il tarixində iştirakçılar virtual şəkildə tətbiq etdikləri texnologiya həllərini nümayiş etdirən alman istinad obyektləri və şirkətlərini ziyarət edib. İştirakçılar, çərçivə şərtlərinin və standartlarının dizaynı ilə əlaqədar xüsusi çətinlik və həll yanaşmaları haqqında məlumat əldə edib və bu sahədə tətbiq nümunələrinə baxıb.
Virtual nümayəndə heyəti səfərinin son günü, 10 sentyabr tarixində, alman şirkətləri öz məhsullarını və həll yollarını azərbaycanlı iştirakçılara təqdim edəcək və alman şirkətləri ilə əlaqə saxlayacaq. Nümayəndə heyətinin bir hissəsi kimi, iştirakçılar alman nümayəndələri ilə fərdi B2B görüşlərində iştirak etmək imkanı əldə edəcək.

“Enerji mütəxəssisləri üçün virtual nümayəndə heyəti səfəri, bərpa olunan enerjilər sahəsində Azərbaycan və Almaniyanın əsas oyunçuları arasında mübadiləni gücləndirdi. Xüsusilə, külək və günəş enerjisi sahəsində, Azərbaycanın iqlim şəraiti səbəbindən böyük imkanlar var ”, – deyə AHK Azərbaycanın İcraçı direktoru bildirib. Bu səbəbdən, Alman-Azərbaycan Xarici Ticarət Palatası, 2022-ci ilin əvvəlində işgüzar səfər çərçivəsində Almaniyadan olan bərpa olunan enerji sahəsindən olan şirkətləri Azərbaycan bazarını yerində araşdırmaq məqsədilə Bakıya və Azərbaycanın kənd bölgələrinə dəvət edir.

Teqlər: