“Ali təhsil haqqında” qanun layihəsi yeni redaktədə müzakirəyə çıxarılacaq

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

“Ali təhsil haqqında” qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.

AzerTimes-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən onlayn iclasında deyib.

İclas zamanı B.Əliyev “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib. O bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb.

Sonra iclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.


Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinə yönəlib.

İclasda qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübənin və standartların milli qanunvericilikdə təsbit olunmasını ehtiva edir.

Müzakirə zamanı deputatlar Kamilə Əliyeva, Pərvin Kərimzadə, Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə rəy və təkliflərini bildiriblər. Yekunda sözügedən qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Teqlər: