ADU’da tələbələrin sözü keçdi

ADU’da tələbələrin sözü keçdi

Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetdən verilən məlumata görə, Elmi Şuranın iclasında 2016-2017-ci tədris ilində bakalavriat səviyyəsində yekun Dövlət Attestasiyanın, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili, 2016-2017-ci tədris ilin II yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı və cari məsələlər müzakirə edilib.

Müzakirə nəticəsində Azərbaycan Dillər Universitetində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, iclasda 2 təklif müzakirə edilib. Bunlardan biri imtahanın bir yazılı və 50 test sualından ibarət olması, digəri isə diplom işi olub.

Yekun attestasiyanın ixtisas fənni tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, dövlət imtahanı ilə bağlı dəyişiklərin edilməsi ali məktəbdə tələbələrin narazılığına səbəb olub. Onlar etiraz aksiyası keçiriblər.

Etirazdan sonra təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Onların fikirləri dinlənilib.