ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər

Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, ADPU-nun Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, həmin filialın dekan müavini Xəyyam Bədəlov, ADPU-nun əməkdaşı Cahangir Süleymanov və ADPU-nun tələbə təşkilatlarının nümayəndəsi Asim İbrahimov “Vətən müharibəsi” şəhidi, ADPU-nun Ağcabədi filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə məzunu, baş leytenant Ağaqardaş Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər.

ADPU-dan AzerTimes-a bildirilib ki, Zərdab rayonunun Salahlı kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri Şəhidin atası İlham Abbasovla həmsöhbət olublar. Şəhid atası qonaqlara Ağaqardaşın vətənpərvərliyindən söz açaraq xatirələrini bölüşüb: “Ağaqardaş Vətəninin azad olmasını o qədər çox istəyirdi ki, döyüşlər başlanan gün qabağa atılıb xeyli irəlləmişdilər. Yaralanaraq qan itirən yoldaşına kömək etmək üçün öz üst geyimini ona verərək, döyüşə davam edib. Öz doğum günündə, sentyabrın 28-də özü də şəhidlik zirvəsinə ucaldı…”

ADPU-nun nümayəndəsi C.Hüseynov rektor, professor Cəfər Cəfərov başda olmaqla universitet rəhbərliyi adından şəhid ailəsinə ehtiramını bildirərək “Vətən müharibəsi”ndə şəhid və qazi olan bütün tələbə və məzunların daim universitet rəhbərliyinin diqqətində olduğunu, ən qısa zamanda universitetdə və filiallarda şəhidlərimizin xatirələrinin əbədiləşdiriləcəyini diqqətə çatdırıb. O, ADPU rəhbərliyinin şəhidimizin bu yaxınlarda dünyaya gələn övladı İlknura olan dəyərli hədiyyələrini, ADPU şəhidləri haqqında materialların dərc olunduğu universitetin “Gənc Müəllim” qəzetinin saylarını və universitetin nümayəndəsi Taleh Mirzəyevin (HunObaNurlu) şəhidimiz və onun balaca qızına həsr etdiyi “Ağaqardaşdan İlknura” adlı şeiri ailəyə təqdim edərək bildirib ki, balaca İlknur daim ADPU rəhbərliyinin diqqəti və himayəsində olacaq, əgər o da atası kimi müəllimlik peşəsini seçərsə, ADPU İlknur balamıza tam dəstək olacaqdır.

Daha sonra çıxış edən M. Səlimov Ağcabədi filialında təhsil aldığı dövrdə Ağaqardaşın nümunəvi davranışından, vətənpərvər mövqeyindən söz açıb.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib.

Teqlər: