ADA Universitetinin İxtisasartırma Proqramları “Terrorizmlə mübarizə” mövzusunda təlimləri yekunlaşdırıb (FOTO)

ADA Universitetinin İxtisasartırma Proqramları dövlət qulluqçuları üçün “Terrorizmlə mübarizə” mövzusunda təşkil etdiyi təlimləri uğurla yekunlaşdırıb. Təlimlər mart ayı ərzində keçirilib.

Təlimlər hüquq mühafizə orqanları və nazirliklərlər də daxil olmaqla müxtəlif dövlət qurumlarını təmsil edən 40-a yaxın iştirakçını bir araya gətirib. Həmin iştirakçılar sırasında Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Dövlət Gömrük Xidmətinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin və digər rəsmi qurumların təmsilçilərini qeyd etmək olar.

Təlim proqramı çərçivəsində terrorizmin ideoloji səbəbləri, qlobal terror təhdidlərinin ölkəmizə təsirləri, erməni terrorizmi, terror qruplaşmalarının və terroristlərin pandemiya dövründə fəaliyyəti, intiharla müşayiət olunan terror aktları, terrorizmlə mübarizədə beynəlxalq tərəfdaşlıq kimi mövzuları əhatə edən təqdimatlar, mühazirələr və seminarlar təşkil edilib. Proqram yerli mütəxəssislərdən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Milli Aviasiya Akademiyasının Aviasiya Təhlükəsizliyi üzrə dekan məsləhətçisi Cahangir Araslı və təhküləsizlik məsələləri üzrə ekspert Rəşad Kərimov tərəfindən tədris edilib. Bundan başqa, xarici mütəxəssislərdən İtaliyanın Berqamo Universitetinin Terrorizmlə mübarizə üzrə magistr proqramının direktoru Mikel Brunelli, ABŞ-ın Penn Dövlət Kollecinin fəxri professoru Peter Forster və Sülh üçün Tərəfdaşlıq Konsortiumunun Terrorizmlə Mübarizə üzrə işçi Qrupunun həmsədri Sajjan Qohel də proqramı tədris edən peşəkarlar sırasında yer alıblar.


Proqramı uğurla başa vuran iştiraçılara sertifikatlar təqdim edilib.

Teqlər: