ABŞ Prezidenti Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir – Səfir

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ABŞ-ın “Defense One” mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsi dərc edilib.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minlararın xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.

2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olmuş, 85 nəfər isə yaralanmışdır. Səfir həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönmək üçün səbirsizlənən məcburi köçkünlərin olduğunu bildirir. O, qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünləri səbrli olmağa, yalnız işğal olunan ərazilərimiz minalardan tam təmizləndikdən sonra oraya qayıtmağa səsləməsinə baxmayaraq, bəzi insanlar üçün gözləmək çətin olmuşdur. Onlardan Hacıyevlər ailəsi öz avtomibillərində erməni tərəfinin yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olmuşlar.

E.Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucatmışdır. 24 fevral tarixində BMT Baş Katibinə ünvanlanmış məktubunda xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin müvafiq addım atmamasının bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyini sual altına qoyduğunu qeyd etmişdir. Nazir minalar nəticəsində insan həyatının məhv olmasını müharibə cinayəti adlandırır. Səfir ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də səmərəli minadan təmizləmənin həyata keçirilməsi üçün məlumat mübadiləsinin aparılmasının irəli sürüldüyünü qeyd edir.

E.Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaratmışdır. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir. Mülki şəxlərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Məqalənin original versiyası ilə https://www.defenseone.com/ideas/2021/04/biden-must-press-armenia-hand-over-minefield-maps/173573/ internet səhifəsindən tanış olmaq mümkündür.

Teqlər: