ABŞ kimi dövlət erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirir

Xəbər - Alpər Ziya – Trend:

“Soyqırımı” məsələsində ABŞ-ın mövqeyi ənənəvi olaraq geo-siyasət bucağından müəyyənləşib. İndiyədək ABŞ prezidentləri, o cümlədən Donald Trump 1915-ci ildə Osmanlı İmperiyasındakı hadisələri “böyük qırğın” adlandırıblar, lakin “soyqırımı” sözünü işlətməkdən çəkinirdilər.

Təbii ki, Türkiyə hakimiyyəti haqlı olaraq 1915-1919-cu illərdə xristian azlıqların qətl edilməsi hallarını və bunun məqsədyünlü dövlət siyasəti olduğunu inkar edir. Bunu isbat etmək üçün də bütün tarixi arxivləri açıq mmənbəyə təqdim edir. Ki, gəlin, araşdırın, erməni və ya xristian qırğını ilə bağlı hər hansı bir fakt göstərə bilsəniz, siz deyəndir! Lakin bu, Ermənistan və ona qahmar çıxan ölkələrə sərf etmir. Çünki ortada belə bir fakt və ya əlamət yoxdur.

Əvəzində hər il özləri üçün qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edən ermənilər və lobbiləri bu çirkin və uydurma “tarix”dən türklərə qarşı əks təbliğat kampaniyası aparırlar. Məlum, dünyada türkü və türkün gücünü qəbul etmək istəmək istəməyən ölkələr də yaranmış bu vəziyyətdən öz geosiyasi maraqları üçün istifadə edirlər. Xüsusən də ABŞ başda olmaqla, Qərb dünyası hər fürsətdə bu məqamdan yararlanmağa çalışır. İndi də dünya erməniləri gözlərini ABŞ-ın yeni prezidenti Cozef Baydenin yararlılıq müddəti çoxdan bitmiş ağzına bərəldiblər. Dua edirlər ki, o “gül qoxan” ağızdan “soyqırımı” sözü çıxsın. Bu barədə bir qədər sonra…

2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında “ermənilərin kütləvi öldürülməsinin” “soyqırımı” kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarıldı. Bu sənəd həm Demokratlar, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəkləndi. Qətnamənin belə sürətlə baxılmasına Türkiyənin Suriyanın şimalındakı əməliyyatına görə ABŞ-Türkiyə münasibətlərindəki böhran səbəb olmuşdu. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da səsvermədən sonra “Twitter”də yazdı ki, belə bir qərar Türkiyənin Suriya ilə sərhədində apardığı “Barış Pınarı” hərəkatına görə verilib. Türkiyənin ABŞ-dakı səfiri isə sənədin mətninin “əsassız ittihamlarla” dolu olduğunu bildirdi.

Bu sənəd Nümayəndələr Palatasında erməni lobbiçilərinin istədiyi kimi, düzəlişlər edilmədən səsvermədən keçdi. Bir daha deyirik ki, qətnamənin sürətlə baxılmasına səbəb İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olan Suriya kürdlərinə qarşı hərbi əməliyyata görə ABŞ-ın Türkiyə ilə münasibətlərinin pisləşməsi səbəb olub. Bu, geo-siyasi kontekst qətnamə tərəfdarları tərəfindən gizlədilmədi. Türkiyənin əməliyyata başladığı gün ABŞ-da çox sayda erməninin yaşadığı dairəni təmsil edən konqresmen Ted Lew “Twitter” səhifəsində yazmışdı: “ABŞ-ın erməni soyqırımını tanımaq üçün əsl vaxtdır”.

Bunu ona görə xatırlatdıq ki, həm Baydenin, həm də ermənilərin “soyqırımı” şousunu daha yaxşı anlayaq. Hazırda Türkiyə regionun supergüc dövlətidir. Dünya hərb tarixində inqilablar edən bir ölkədir. Xüsusən də Suriyada terrorçulara qarşı apardığı əməliyyatlar, eləcə də İkinci Qarabağ savaşında Türkiyə istehsallı pilotsuz uçuş aparatlarının yazdığı şanlı tarix bu gün ABŞ başda olmaqla, bir çox ölkələri ciddi vəsvəsəyə salıb.

Bunu öz geosiyasi maraqlarına təhdid kimi görən ABŞ əlbəttə ki, əlinə başqa bir vasitə keçmədiyindən “erməni soyqırımı” kimi ənənəvi “priomdan” istifadə edir. Lakin bilmir ki, bununla ilk növbədə Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alır.

Türkiyə Prezident Administrasiyası rəsmi şəkildə bəyan etdi ki, ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir: “Qondarma “erməni soyqırımı”nı tanımaqla ABŞ Türkiyənin simasında müttəfiq itirəcək. Bu, həm də iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracaq”.

Administrasiyadan, həmçinin vurğulayıblar ki, Türkiyə əvvəlki kimi 1915-ci illə bağlı hadisələrin araşdırılması üçün arxivlərin açılmasının tərəfdarıdır: “Türkiyə tarixində heç bir “erməni soyqırım”ı olmayıb. Erməni lobbisinin Türkiyəyə qarşı iddiaları əsassızdır”.
Əlbəttə, belə bir uydurulmuş “erməni soyqırımı”nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq. İlk növbədə, ABŞ-ın 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil. Bundan başqa, “erməni soyqırımı”nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya nümayiş etdirmiş olur.

Bu gün “erməni soyqırımı” deyilən bir şeyin olmadığını hətta xristian aləminmin nüfuzlu şəxsləri də etiraf edirlər. Bu günlərdə Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill “Rossiya 24” telekanalına müsahibəsində deyib ki, Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib. O bildirib ki, İslam dünyasında buna bənzər hadisələr olmayıb: “Məsələn, Osmanlı imperiyası. Orada xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib. Dini icmalar arasında münasəbitlər tənzimlənib”.

Təbii ki, Türkiyəyə qarşı bu qərəzli münasibət hər məsələdə onun yanında olan qardaş Azərbaycanı da narahat edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub: “Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır”.

Teqlər: