ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları ləğv edib

ABŞ-ın yeni administrasiyası Donald Trampın rəhbərlik etdiyi əvvəlki hökumət tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları və viza məhdudiyyətlərini ləğv edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Entoni Blinkenin açıqlamasında deyilir.

Bununla birgə, ABŞ-ın yeni hökuməti bu məhkəmənin Əfqanıstan və Fələstindəki vəziyyətlə bağlı qərarları ilə qətiyyən razı deyil.

Xatırladaq ki, keçən il D.Trampın administrasiyası Haaqada yerləşən BCM-i Əfqanıstanda Taliban və ABŞ ordusu daxil bütün silahlı qüvvələr tərəfindən törədilən hərbi cinayətlərinin araşdırılmasına qərar verdiyinə görə ABŞ-ın milli suverenliyini pozmaqda günahlandırıb. 2019-cu ildə ABŞ dövlət katibi Maykl Pompeo da İsrail qüvvələri daxil olmaqla Fələstin ərazilərində törədilən hərbi cinayətlərin istintaqına qarşı çıxıb.

Qeyd edək ki, daha əvvəl BCM ABŞ-ın bu sanksiyalarını beynəlxalq ədalət və qanunun aliliyinə təcavüz adlandırıb.

Teqlər: