AAHM-də “Sönməz bu şəfəqlərdə üzən al bayraq!” adlı tədbir keçirilib (FOTO)

Türkiyə Respublikasının Dövlət Himninin – “İstiqlal Marşının” 100 illiyi ilə bağlı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Sönməz bu şəfəqlərdə üzən al bayraq!” (“Sönmez bu şafaklarda yüzen al sancaq!”) adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbir başlamazdan öncə hər iki dövlətin qurucularının, qardaş ölkələrin azadlığı, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında qardaş respublikaların dövlət himnləri səsləndirilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “İstiqlal Marşı”nın yaranma tarixi barədə ətraflı məlumat verib, videoçarx nümayiş etdirilib.

Nəzərə çatdırılıb ki, Türk Qurtuluş savaşının əvvəllərində İstiqlal hərbinin milli ruh içərisində əldə edilməsi imkanlarını təmin etmək məqsədilə Qərb Cəbhəsi komandanı İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənib və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd edilib. 1921-ci ildə keçirilən müsabiqəyə ümumilikdə 724 şeir təqdim edilsə də heç biri himn üçün qəbul edilməyib.

Qeyd olunub ki, bundan sonra böyük istiqlal şairi Məhmət Akif Ərsoya müraciət olunub. Himnin mətni üçün qalib gələn şairə pul mükafatı vəd edildiyinə görə əvvəlcə yarışmaya qatılmayan M.A.Ərsoy sonralar “Bizim Qəhrəman Ordumuz” adlı şeirini müsabiqəyə təqdim edib və həmin şeir parlamentdə dinlənildikdən sonra böyük rəğbət qazanaraq 12 mart 1921-ci ildə qəbul edilib.

M.A.Ərsoy müsabiqənin qalibi üçün nəzərdə tutulmuş mükafatdan imtina edərək bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini bildirib.

Tədbirdə “İstiqlal Marşı”nın musiqisinin Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör tərəfindən yazıldığı vurğulanıb.

100 ildir ki, “İtiqlal Marşı” qardaş ölkənin dövlət və hərbi tədbirlərində, eləcə də milli festivallarda, bayramlarda, əlamətdar-tarixi günlərdə, idman tədbirlərində və məktəb mərasimlərində böyük coşqu ilə səslənməkdədir.

Bakının bolşevik-daşnak işğalından azad olunasının 100 illiyi və Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı, Türkiyə Respublikasının “İtiqlal Marşı” da hər iki respublikanın xalqlarının – “Bir millət, iki dövlət”in qardaşlığının əbədi və sarsılmazlığının rəmzi kimi səsləndirilib.

Ankara Hərbi Musiqi məktəbinin məzunu mayor Fariz Məmmədzadənin dirijorluğu ilə hərbi orkestr Azərbaycan və Türkiyənin hərbi marşlarından nümunələr ifa edib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi ədəbi-bədii kompozisiya tamaşaçılarda böyük maraq oyadıb.
15 ildən çoxdur ki, Bakı Bələdiyyə Teatrının repertuarından düşməyən, respublikamızın bütün bölgələri ilə yanaşı Türkiyənin Ankara, Qars, Ərzurum, Yozqat, İğdır və başqa şəhərlərində uğurla nümayiş etdirilən A.Qurbaninin eyniadlı tarixi pyesi əsasında hazırlanan “Türk Sancağı” tamaşasından fraqmentlər göstərilib.

Tədbir “İstiqlal Marşı”nın iştirakçılar tərəfindən birgə ifası və Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən videogörüntülərin nümayişi ilə sona yetib.

Teqlər: