26 Bakı komissarı küçəsi qalıb, kafeni adına görə bağlayırlar

26 Bakı komissarı küçəsi qalıb, kafeni adına görə bağlayırlar

Dünən Bakının Səbail rayonu ərazisindəki “Sahil bağı”nın (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə bağlanılıb.

Kafenin bağlanması birbaşa Hacıbala Abutalıbov və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun müşayəti ilə həyata keçirilib. Kafe sahibi polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Kafenin bağlanmasına səbəb kimi iaşə obyektinin “26 Bakı Komissarı”na ithaf edilərək adının “26” qoyulması göstərilib. Halbuki, Azərbaycanın 26 ildir müstəqillik qazanmasına rəğmən hələ də Bakının Sabunçu rayonunda “26 Bakı komissarı” küçəsi fəaliyyət göstərir. 26 ildir bu küçənin adını dəyişməyi yada salmayan Bakı meriası heç bir məhkəmə qərarı olmadan vətəndaşın obyektini bağlayır və əmlakını müsadirə edir.

Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir. Konsitusiyada da göstərilir ki, mülkiyyət toxunulmazdır. Dövləti idarə edən məmurların məhkəmə qərarı olmadan vətəndaşın əmlakını əlindən almaq səlahiyyəti yoxdur. Əksinə məmur vətəndaşın əmlakını qorumalı, onun daha rahat şəkildə fəaliyyət göstərməsinə təminat verməyə borcludur.

Qeyd: Bu hadisəyə görə elə əsl dərəbəylikdir desək, yanılmarıq.