1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Şuşa Qarabağın döyünən ürəyidir. Şuşanın əldən getməsi Qarabağın əldən getməsi demək idi. Çox təəssüf ki, 1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu.

Bunu AzerTimes-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, məhz o vaxt Müdafiə Nazirliyinin rəhbərliyinin satqınlığı ilə Şuşa ermənilərə satılmışdır: “O vaxt Müdafiə naziri Rəhim Qazıyev meydana xalqın qarşısına çıxıb deyirdi ki, Şuşa getsə başıma güllə çaxacağam. Amma sonra məlum oldu ki, Müdafiə Nazirliyinin rəhbərliyi öz işini görmüşdü və belə ifadələr işlətməklə xalqı sakitləşdirərək sadəcə öz niyyətini başa çatdırmaq istəyirdi və istəyinə nail oldu.

1992-ci ildə Ali Sovetinin sədri Yaqub Məmmədov xalqa müraciətində Şuşanın satılması ilə bağlı baş verən hadisələri təfsilatı ilə canlı efirdə ictimaiyyətə çatdırmışdı. Müdafiə Nazirliyinin rəhbərliyi Ali Sovetinin sədrini eşitmirdi. Yalançı məlumatlarla başını aldadırdı ki, öz planını başa çatdırsın. Müdafiə Nazirliyin rəhbərliyi mayın 7-də düşünülmüş şəkildə hərbi qüvvələri Şuşadan çıxartmağa başlamışdılar. 8 mayda isə şəhər demək olar ki, boşaldılmışdı”.

A.Badamov qeyd edib ki, ermənilər boşaldılmış şəhərə müqavimətsiz daxil olub oturmuşdular: “Amma o dövrdəki öz qəhrəmanlıqlarından bu gün danışanlar elə bilirlər ki, tarix unudulub. Onlar bilməlidirlər ki, tarix xainləri və saqınları unutmur. Bu gün o xainlərin sadəcə başını qaldırıb xalqın üzünə baxmağa haqları yoxdur.

1992-ci ilin 8 mayında Şuşanı satqınlıqla satılması digər rayonlarımızın da işğalına yol açmışdısa, 8 noyabr 2020-ci ildə isə Şuşanı azad etməklə bütün Qarabğın düşmən işğalından azad edilməsilə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əgər o vaxt Şuşanı düşmənə məğlub etməklə başımızı aşağı etmişdilərsə, 8 noyabrda Şuşanı azad etməyimiz Böyük qələbəmizin simvolu, başımızın ucalığı oldu.

28 ildən sonra Şuşamız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olundu. Müstəqilliyimizin tarixində ilk dəfə 8 mayını Şuşa azad şəkildə qarşılayır. Şuşaya yenidən həyat veririk. Şuşa mədəniyyət paytaxtımız elan olunub. Şuşamız o xainlərin yaşatdıqları faciələri bir daha yaşamayacaq”.

Teqlər: