15 saylı cəzaçəkmə müəssisəsində 18 məhkum azad edilib, 2 nəfərin cəzası azaldılıb

Xəbər - Samir Əli – Trend:

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

AzerTimes-ın məlumatına görə, cəzaçəkmə müəssisəsindən 18 məhkum azadlığa buraxılıb, 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.

Teqlər: