10 il əvvəl və 10 il sonrakı Azərbaycan: Prezident İlham Əliyevin praqmatik düşüncəsi ölkəmizin strateji inkişafına hesablanıb

Xəbər - Alpər Ziya – Trend:

Prezident İlham Əliyevin 10 il bundan əvvəl Rusiyanın məşhur “Formula vlasti” proqramının aparıcısı Mixail Qusmana verdiyi müsahibədəki bir ifadəsi bu günlərdə sosial şəbəkələrdə ən çox paylaşılan videolar sırasındadır.

Belə ki, bundan 10 il əvvəl – 2011-ci ildə Azərbaycanın Prezidenti “Formula vlasti” proqramının aparıcısının sualına “Mən, əgər belə bir imkan olsaydı, gələcəyə gedərdim, deyək ki, 10 il sonraya gedərdim və baxardım, düşündüklərim alınıb, ya yox? Alınıbsa, hansı səviyyədə alınıb? Bax, bunu böyük məmnuniyyətlə edərdim” – deyə, cavab vermişdi.

Bu gün, düz 10 ildən sonra Azərbaycan məhz Prezident İlham Əliyevin görmək istədiyi və düşündüyü şəkildədir. Ölkəmiz qalibdir, özünün yüksək inkişaf mərhələsini yaşayır, Qarabağ azaddır. Bu gün Azərbaycan güclü, ərazi bütövlüyü bərpa olunmuş, regionun lideri, bölgədə söz sahibi, yeni reallıqlar yaradan dövlətdir.

Təbii olaraq, 10 il əvvəl sözügedən proqramın izləyiciləri İlham Əliyevin bu ifadələrindəki sətiraltı məqamları başa düşmürdülər. İndi aydın olur ki, Azərbaycan Prezidenti atdığı bütün addımların təqvimini quraraq xalqımız üçün əsas problem olan Qarabağ məsələsinin həlli istiqamətində davamlı işlər aparıb. Ötən ilə qədər heç kimin ağlına da gəlməzdi ki, 30 ildir işğal altında olan Qarabağ 44 günlük müharibə ilə azad ediləcək. Lakin baş verənlər bir daha göstərdi ki, dövlət başçısı öz uzaqgörən, praqmatik və intellektual düşüncəsi ilə bütün bunları öncədən planlaşdırmışdı. Deməli, ölkə başçısı Qarabağ məsələsi ilə bağlı qarşıya strateji hədəflər qoyub və bu hədəflərə çatmaq üçün zərgər dəqiqliyi ilə çalışıb.

Bu gün isə Şuşada, Cıdır düzündə səslənən “Qarabağ Azərbaycandır” harayı Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın xarakter cizgilərini ən dərin çalarları ilə ifadə edir. Azərbaycan lideri illər boyu yorulmaq, dayanmaq bilmədən nəinki bölgədə, hətta dünyada həlli mümkünsüz sayılan Qarabağ münaqişəsini həll etdi, dünyanın siyasi və hərb tarixində yeni dönəmin əsasını qoydu.

Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin düşüncəsində bundan 10 il sonra da Azərbaycanın mükəmməl bir obrazı canlanır. Bu obrazın ilkin işartıları Vətən Müharibəsindən sonra atılan bütün addımlarda artıq özünü göstərməkdədir.

Teqlər: